IV BAKI BEYNƏLXALQ TURİZM FİLMLƏRİ FESTİVALI

15-18 noyabr 2017

 

REQLAMENT

§1. Ümumi məlumat

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı  (“BBTFF”) – tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Bakı şəhərində – Azərbaycan Respublikasının paytaxtında keçirilən mədəni qeyri-kommersiya tədbiridir.

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı 15-18 noyabr 2017-ci il tarixlərində Bakıda keçiriləcək.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək göstərir.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

§2. Festivalın proqramı

 

Festivalın proqramına daxildir:

  • əsas müsabiqə

  • müsabiqədənkənar nümayiş

BBTFF-in müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında təcrübə mübadiləsini həyata keçirir.

Müsabiqə proqramında iştirak edəcək filmlərin müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur.

§3. İştirakçılar

Festivalda iştirak üçün sifarişlər media, ictimaiyyətlə əlaqələr və marketinq mütəxəssisləri (hüquqi və ya fiziki şəxslər), ictimai təşkilatlar, dövlət və hökumət qurumları (nazirliklər, icra hakimiyyətləri), film prodüserləri və rejissorlar, prodakşnlar, film istehsalat şirkətləri, multimedia və audiovizual şirkətlər, televiziyalar və tələbələr tərəfindən təqdim edilə bilər.

Festivalda 1 yanvar 2015-ci ildən sonra istehsal olunan filmlərin iştirak hüququ var.

§4. Son müraciət tarixi

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının son müraciət tarixi 1 oktyabr 2017-ci ildir.

§5. Onlayn sifariş forması

Müraciət üçün rəsmi sifariş formasını Bakı Beynəlxalq Turizm Filmləri festivalının rəsmi veb saytından əldə edə bilərsiniz (http://www.bitff.az/AZ/entry-form/).

Hər filmin yalnız bir kateqoriyada iştirakı nəzərdə tutulmalıdır.

Sifariş formasını tamamlamaq üçün filmin ən azı üç fotosu və rejissorun fotosu sifariş formasına əlavə olunmalıdır.

 

§6. Müsabiqə kateqoriyaları

Müsabiqə 5 kateqoriya üzrə aparılır:

  • Ölkə, region, şəhər

  • Mədəniyyət, ənənə

  • Reklam filmləri

  • Ekoturizm və digər turizm növləri

  • TV məhsullar (filmlər, videoçarxlar)

Azərbaycan şirkətləri tərəfindən istehsal olunmuş filmlər həm də Milli Mükafat uğrunda yarışacaqlar.

Festivalın təşkilat komitəsi və münsiflər heyəti qəbul olunmuş filmin kateqoriyasını dəyişdirə bilər.

§7. Materialın formatı

Festivala materiallar DVD formatında və ya FTP ilə göndərilməlidir. İştirakçılar filmin texniki keyfiyyətinə cavabdehdirlər. FTP ilə sıxılmamış fayllar qəbul olunur. Qəbul olunan formatlar: .wmv, .mov, .mpg2, .mpg4.

FTP-server ünvanı: ftp.bitff.az, user: u297485721.bitffaz, password: Festivale2016!

Festivalın rəsmi dilləri azərbaycan və ingilis dilləridir. İstənilən başqa dildə olan filmlər ingilis dilində subtitrlə göndərilməlidir.

BBTFF-də hər təqdim olunan film üçün müvafiq qaydada tərtib olunmuş və iştirakı təsdiqləyən imzalanmış sənəd (sifariş forması) 1 sentyabr 2017-ci ildən gec olmayaraq BBTFF-nin  təşkilat komitəsinə çatdırılmalıdır.

Əsas müsabiqədə iştirak etmək üçün ərizə verən bütün müəllif və ya prodüserlər rəsmi ərizədən başqa, elektron poçta yazılı şəkildə aşağıda tələb olunanları göndərməlidirlər:

Filmin sinopsisi, filmdən fotokadrlar, rejissorun qısa bioqrafiyası, filmoqrafiyası və fotosu, reklam və mətbuat materialları.

Bu materiallar təqdim olunmadan sənədlər tam sayılmayacaq. Onlar festivalın kataloqunun hazırlanması üçün zəruridir.

Son müddətə əməl olunmadığı və ya onlayn ərizələrin lazımi qaydada doldurulmadığı təqdirdə Festivalın təşkilat komitəsinin ərizəyə baxmamaq hüququ var.

İlkin baxış üçün təqdim olunan DVD nüsxələri geri qaytarılmır.

Festivalın təşkilat komitəsi müsabiqədənkənar nümayiş üçün təqdim olunan filmlərin seçim hüququnu özündə saxlayır.

Filmlərin nümayiş qrafikini BBTFF-nin təşkilat komitəsi müəyyən edir.

Filmin DVD diski doldurulmuş və imzalanmış sifariş forması ilə birlikdə 1 oktyabr 2017-ci il tarixindən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

BAKI BEYNƏLXALQ TURİZM FİLMLƏRİ FESTİVALI

“Salnaməfilm” Studiyası

Moskva prospekti 1. AZ1012, Bakı, Azərbaycan.

Tel: +99412 4308687, +99412 4300418 (daxili: 110 və 112).

Mobil: +99450 6483397.

e-poçt: info@bitff.az

www.bitff.az

 

Qeyd: Bütün göndəriş xərcləri (poçt, karqo), sığorta və gömrük rüsumları göndərən tərəfindən ödənilməlidir. Festivalın təşkilat komitəsi gömrük rəsmiləşdirilməsi üçün məsuliyyəti öz üzərinə götürmür.

§8. Münsiflər heyəti

 

Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyətinə onun sədri rəhbərlik edir. Münsiflər heyəti öz qərarına görə heç bir izahat vermir və heç bir iddianı qəbul etmir.

§9. Mükafatlar

Beynəlxalq münsiflər heyəti aşağıdakı mükafatları təyin edir:

QRAN PRİ –  diplom və mükafat

Festivalın keçirildiyi kateqoriyaların hər biri və Milli Mükafat üzrə mükafat:

I yer – Qızıl mükafat  – diplom və mükafat

II yer – Gümüş mükafat – diplom və mükafat

III yer – Bürünc mükafat – diplom və mükafat

Qran Pri və hər kateqoriya üzrə mükafatlar rejissorlara təqdim olunacaq.

Münsiflər heyəti hər hansı bir kateqoriyada mükafat verməyə bilər və əlavə xüsusi mükafat təyin edə bilər. Münsiflər heyəti öz qərarına görə heç bir izahat vermir və heç bir iddianı qəbul etmir.

Eyni zamanda festivalın sponsorlarının və ictimai qurumların xüsusi mükafatları təqdim oluna bilər.

QEYD: Əgər Mükafatlandırma mərasimində hər hansı bir səbəbdən iştirak edə bilməsəniz, mükafat sizə poçt vasitəsilə göndəriləcək. Bütün poçt və digər xərclər alıcı tərəfindən ödəniləcək.

§10. Ödəniş

Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iştirak ödənişsizdir.

Festival iştirakçılarının, münsiflər heyətinin və mükafatlandırma mərasiminə xüsusi qonaqların dəvət olunması, onların qalma müddəti və şərtləri, festivalda akkreditasiya olunmaları ilə bağlı məsələləri BBTFF-nin təşkilat komitəsi həll edir. Festival iştirakçıların və qonaqların gediş-gəliş və onların tədbirin keçirildiyi müddət ərzində mehmanxanada qalma xərclərini öz üzərinə götürür.

§11. Təbliğat və nümayiş

İştirakçı filminin nümayiş hüququnu Festivalın təşkilat komitəsinə vermiş olur.

Filmin və ya filmdən hər hansı fraqmentin kütləvi nümayişi (festival ərəfəsində və ya festivalın təbliğat kampaniyası üçün hazırlanmış televiziya verilişlərində) Festivalın təşkilat komitəsinə həvalə olunur. Əgər belə bir hüququ vermək istəmirsinizsə, xahiş edirik əvvəlcədən Festivalın təşkilat komitəsinə məlumat verin.

Müəllif hüquqlarının pozulması ilə bağlı bütün məsuliyyət iştirakçıya aiddir. İştirakçı filmindən istifadə ilə bağlı müəllif hüquqlarına malikdir və müəllif hüquqlarının nizamlanması ilə bağlı məsuliyyət daşıyır. Festival müəllif hüquqları ilə bağlı heç bir məsuliyyəti öz üzərinə götürmür.