Vasif_BabayevVASİF BABAYEV 

Münsiflər heyətinin üzvü

Vasif Babayev 45-ə yaxın sənədli filmin müəllifi və rejissorudur. Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülüblər. “Sahil bağı” filmi 1967-ci ildə Kiyevdə “Prometey 67” Zona Kinofestivalında debüt nominasiyası üzrə mükafat qazanıb, 1968-ci ildə Moskvada I Ümumittifaq Televiziya Filmləri festivalında ən yaxşı filmlər sırasında yer alıb. “Qızılgüllər diyarı” 1969-cu ildə Tbilisidə “Prometey-69” Kinofestivalında film-reportaj kimi diploma layiq görülüb. “Sovet Azərbaycanı” sənədli filmi 1977-ci ildə Leninqradda Ümumittifaq Telefilmlər Festivalında SSRİ Jurnalistlər İttifaqının Mükafatını qazanıb. “Şəki” filmi 1978-ci ildə Vladivostokda Ümumittifaq Telefilmlər Festivalında Naxodka şəhərinin mükafatı ilə təltif edilib. “Xuraman” sənədli filmi 1979-cu ildə Bakıda keçirilən Ümumittifaq Telefilmlər Festivalında Azərbaycan kino tarixində ilk dəfə olaraq “Böyük Mükafat” (Grand prix) alıb. “Azərbaycan iri addımlarla irəliləyir” filmi isə həmin Festivalda münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. “Həqiqətin anı” sənədli filmi 1985-ci ildə Kiyev Ümumittifaq Telefimlər Festivalında diploma layiq görülüb. Vasif Babayev həmçinin Vladivostokda, Bakıda, Alma-Atada, Kiyevdə keçirilən festivallarda münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib. Azərbaycan Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Prezident Təqaüdçüsüdür.