BAKI BEYNƏLXALQ TURİZM FİLMLƏRİ FESTİVALI

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində hər il keçirilən mədəni qeyri-kommersiya tədbiridir.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək göstərir.

Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

BBTFF-də iştirak etmək üçün filmlərin müəyyən edilməsini seçim komissiyası həyata keçirir.

Festival ilk dəfə 20-24 noyabr 2013-cü il tarixlərində Nizami Kino Mərkəzində keçirilib.

Festivalın rəsmi dilləri Azərbaycan və ingilis dilləridir.

Müsabiqə proqramında iştirak edəcək filmlərin müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Ərizələrin verilməsi üçün ödəniş tələb olunmur.

Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı  seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirir.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.